weher uwagi

weher uwagi Şeirlər 21-07-2026, 13:00

Əliağa Vahid - "Bakıda"

Əliağa Vahid - "Bakıda"

Azərbaycan-sovet şairi, qəzəlxanı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943) olan Əliağa Vahid (əsl adı: Əliağa Məmmədqulu oğlu İsgəndərov) 17 fevral 1895-ci ildə Bakıda anadan olub.

Böyük Vətən Müharibəsi illərində yazdığı əsərlərdə "Döyüş qəzəlləri" (1943), "Qəzəllər" (1944) kitablarında Əliağa Vahid vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hisslərini təbliğ edirdi.

Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib. 1 oktyabr 1965-ci ildə Bakı şəhərində vəfat edib.

Onun adına Bakıda bir məktəb, park, bağ (keçmiş Qubernator bağı), ədəbiyyat evi və küçə vardır. 1949 və 1955-ci il təvəllüdlü bir oğlu və bir qızı var.

Nəhayət, hörmətli qəzəlxanımız haqqında qısa bir məlumatdan sonra "Bakıda" qəzəlini diqqətinizə çatdırmaqdan məmnunluq duyuram:

Əliağa Vahid - "Bakıda"

Vardır indi, gözəlim, başqa məlahət Bakıda,

Gəl edək şövq ilə hər yanı səyahət Bakıda.

Gələcək nəslə bu tarixi şərafətdir ki,

Görürük özgə səfa, özgə lətafət Bakıda.

Bu gözəl ölkə işıqlandırır hər bir tərəfi,

Gülür insan üzünə nuri-səadət Bakıda.

Çıx tamaşaya, xüsusən Xəzərin sahilinə,

Baği-cənnət, daha tərifə hə hacət Bakıda.

Get-gedə qalmayacaq köhnə binalardan əsər,

Tikili, gör, yeni minlərcə imarət Bakıda.

Hansı bir sahə olursa, vətən oğlanlarının,

Borcudur, göstərə hər işdə məharət Bakıda.

Əsrlərdir, qocaman Qız qalası qalmışdır,

Göstərir xalqa vüqar ilə iqamət Bakıda.

Bakıdır yurdumuzun mərkəzi, Şərqin qapısı,

Haqlıdır, xalqımız eylərsə fəxarət Bakıda.

Daha bundan belə öz ölkəmizin məhsuli,

Edəcək xəlqə məramınca kifayət Bakıda.

Sülhə doğru nə çətinlik, nə faləkət var isə,

Onu dəf etməyə var bizdə cəsarət Bakıda.

O gün olsun ki, bütün düşmənimiz xar olsun,

Eyləyək şadlıq ilə gündə ziyafət Bakıda.

Vahidəm, mən də bu yurdun, bu elin şairiyəm,

Artırır zövqümü artdıqca təravət Bakıda.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
46 80 68 60 46 45

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.