ice berg

ice berg Şeirlər 28-08-2026, 22:38

Sən məni sevməyi anamdan öyrən

Sən məni sevməyi anamdan öyrən

Sən məni sevməyi anamdan öyrən:

Anam pulsuz vaxt da vurulur mənə.

Bahalı köynəkdə, güzgü önündə,

Özüm də sevirəm yaraşığımı,

Anam çulsuz vaxt da vurulur mənə.

 

Sən məni sevməyi anamdan öyrən,

Saçım töküləndə sevə bil məni.

Uzunsaç oğlanı sevməyə nə var?

Anam keçəl vaxtı, bələkdə sevib,

Uzunsaç oğlanı külək də sevir.

 

Saçım seyrələndə sevsən nə gözəl,

El-aləm görər ki, könlüm sevəndə,

Biçarə könlümü dilbər də sevir.

Əvvəl saçlarımı darayan daraq,

Saqqal darayanda sevə bil məni.

Saçım gur olanda bərbər də sevir.

 

Sən məni sevməyi anamdan öyrən.

Məni at belində, ər meydanında,

Hücuma keçəndə ellər də sevir.

Evimi yıxmağa dağ döşündəki,

Lal çaydan yaranan sellər də sevir.

Sən çalış yorulub dincəlmək üçün 

Geri çəkiləndə sevə bil məni.

Nə var ki, sevməyə şux yeriyəndə,

Belim büküləndə sevə bil məni.

 

Sən məni sevməyi anamdan öyrən.

Sev cavan canımı, sevəndə nolar?!

Sev şair yanımı, sevəndə nolar?!

Məni sevişəndə, qucaqlaşanda,

Sevdin kişi kimi, bir söz demirəm,

Gör, sevə bilərsən uşaqlaşanda?

Anam uşaq vaxtı sevmişdi məni.

 

Sən məni sevməyi anamdan öyrən.

Demirəm danışıb güləndə sevdin,

Demirəm dərdindən öləndə sevdin,

Səni sevdiyimi biləndə sevdin…

Anam süd verəndə sevmişdi məni.

 

Sən məni sevməyi anamdan öyrən:

Mən zülmət qaranlıq gecələrimdə,

Günəş yanan kimi sevmişəm Səni.

Sən məni sevməyi anamdan öyrən,

Axı, anan kimi sevmişəm səni.

Sən məni sevməyi anamdan öyrən!

 

Azər Səlimli

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
80 85 86 71 85 93

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.