HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 8.
BÖLÜM 8...
Zaman həmişə acıları unutdurmurdu, acılarla yaşamağı öyrədirdi. Azadın qəfil ölümündən sonra özümə gəlməyim asan olmamışdı. Aylarla xəstəxanada müalicə almışdım. Keçirdiyim sarsıntı üzərimdə dərin izlər buraxmışdı. Həyat yenə bir yerdən məni vurmağı bacarmışdı. Anam da mənə görə işini atıb gəlmişdi. Elə dağınıqlaşmışdı ki, həyatım necə toplayacağımı bilmirdim. Hər şeyə rəğmən ayağa qalxmalı idim. Azadla birlikdə qurduğumuz xəyalları indi tək gerçəkləşdirməli idim...
........3 il sonra......
Dərk edirdim ki, yaşamaq üçün, istədiyini əldə etmək üçün mübarizə aparmaq lazımdır. Hər şeyi olduğu kimi qəbul edirdim artıq. Axı həmişə yenidən başlamaq olmurdu. Yol uzun idi, ömür qısa. Anamı yaxşı olduğuma əmin edib qəsəbəyə geri göndərmişdim. Bir şərtlə ki, psixoloqun seanslarına davam edəcəkdim. Sara universitet bitəndən sonra evlərinə geri dönmüş və nişanlanmışdı. Saranın ən yaxın rəfiqəsi olaraq onun toyunda iştirak etdim. Azaddan sonra heç bir şənliyə getməmişdim. Sara ən yaxın rəfiqəm olduğundan onun xoş günündə yanında olmağı özümə borc bildim. Hər zaman üçümüz birlikdə olsaq da indi Azadın yoxluğu məni incidirdi. Şəhərə geri qayıdandan sonra zaman sanki çox əvvələ dönüş eləmişdi. Yenə gecə,yenə yuxusuz,yenə pəncərədən baxan mən. Hər gecə belə idi. Keçmiş bir anda gözlərimin qarşısında dövr edib, yox olurdu. 4-5 il əvvəlki məndən necə də fərqlənirdim.. O zamanlar daha az yüklənmişdi acılar, sonralar artdı. Öncə Kənanın, sonra Azadın gedişi məni yıxdı.....
Hava yeni qaralırdı. Həyətə enib küçənin aşağısına qədər piyada getməyə başladım. Başımı qaldıranda harada olduğumu tam dərk eləmədim. Yoxsa yenə dəli olurdum?.. Geri qayıdıb evin yolunu tapmağa çalışdım. Bu mənə gülməli gəlirdi. İllərdir yaşadığım evi necə unuda bilərdim axı?.. Küçənin başına çatanda dərindən nəfəs aldım. Anidən evdə tapdım özümü. Qapı açıq idi. İçəri keçib otağımın qapısını açdım. Kənan çarpayıda uzanıb əlindəki şəkilə baxırdı. Bu ki Leyla ilə olan şəkli idi.. Kənana yaxınlaşmaq istədim. Ancaq ayaqlarım tərpənmədi.
- Niyə getdin,Kənan? Heç bildin nələr baş verdi? Heç bildin nələr oldu? Azad yoxdur eşidirsən? Öldü Azad. Sən getdin, o getdi. Tək qaldım mən. Mən də ölmək istəyirəm..
Kənan çarpayıdan qalxıb mənə addımladı. Əlləri ilə üzümə sığal çəkdi. Son sözləri ilə qanım donmuşdu: "Hamı asan-asan ölməz, Nazlı".
Dik atılıb yuxudan oyandım. Qan-tər içində idim. Hava yeni işıqlanırdı. Sakitləşdirici içib yataq örtüklərini dəyişdim. Qərar verdim ki, elə bu gün iş yerlərinə baxım. Yeri gəlsə addım-addım gedib iş axtaracaqdım. Bir neçə iş yerinə müraciət etsəm də hələ cavab gəlməmişdi.. Heç bir şəkildə ümidimi itirməyəcəkdim. Məqsədlərim vardı, arzularım vardı. Həyat məndən 1-0 öndə ola bilərdi, ancaq mən hesabı bərabərləşdirəcəkdim...
8-ci bölüm sonu.
Müəllif-ParadiseSark
Qeyd: Bu bölüm qısa oldu,bilirəm(.. Hekayə haqqında təəssüratlarınız?






